Bakı Ağır Cinayətlər Məhkəməsində “Respublika Perinatal Mərkəzi”ndə baş vermiş və 7 körpənin həyatına son qoyan yanğınla bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək mərkəzin sabiq direktoru Mehriban Abbasquliyevanın 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum edilməsini, şöbə rəisləri Elnur Əhmədli və Amil Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin onların məhkəmə zalından həbs olunmasını və əmlaklarının bir qisminin satılaraq dəymiş ziyanın ödənilməsinə yönəldilməsini təklif edib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyiblər.
Növbəti məhkəmə iclası 6 may tarixinə təyin olunub.
Qeyd edək ki, hadisə 9 yanvar 2024-cü ildə baş verib. “Respublika Perinatal Mərkəzi”nin inzibati binasında baş verən yanğın nəticəsində yenidoğulmuşların yerləşdiyi palatada 7 körpə həyatını itirib, 4 nəfər xəsarət alıb. Hadisə nəticəsində müəssisəyə 361 min manat məbləğində maddi ziyan dəyib.
İstintaqla müəyyən edilib ki, mərkəzin rəhbərliyi yanğın təhlükəsizliyi ilə bağlı ciddi nöqsanlar barədə əvvəlcədən xəbərdar edilsə də, bu problemlər aradan qaldırılmayıb. Eyni zamanda müəssisənin imkanları nəzərə alınmadan xəstə qəbulu sayının artırılması elektrik şəbəkəsinin yüklənməsinə və nəticədə yanğına səbəb olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və təqsirləndirilən şəxslərə ittihamlar irəli sürülüb.