ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ FONUNDA AİLƏ-NİKAH MÜNASİBƏTLƏRİ

1 283 10-04-2021, 15:53 siyaset / gundem

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ FONUNDA AİLƏ-NİKAH MÜNASİBƏTLƏRİ


Hər bir xalqın milli azadlıq hissi, müstəqillik meyli onun özünüdərk prosesində formalaşır, həqiqi və aydın məna kəsb edir. Böyük Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, “millətə hər bir fitnə-fəsadın mənbəyini göstər, onun nə tərəfdən və nə cür gəldiyini bildir, o zaman əminiz ki, millət nə edəcəyini bilər”.
Siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız hər zaman milli azadlığa, istiqlala can atmışdır. Yalnız yetkin cəmiyyət və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini, erməni separatizmi və Ermənistanın Azərbaycana hərbi təcavüzünün vurduğu yaralar, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların doğurduğu nəticələri aradan qaldırmaq məcburiyyətində qaldı.
1988-89-cu illərdə Sovet İttifaqının dağılması nəticəsində Ermənistanda yaşayan 250 min azərbaycanlı həmin respublikadan qovuldu. 1990-cı ildə Orta Asiya və Qazaxıstandan milli münaqişə nəticəsində 60 min nəfərdən artıq axısxa (məshəti) türkü yurd-yuvalarından didərgin düşərək Azərbaycana pənah gətirdi, 1988-ci ildən başlayan, lakin 1992-ci ildən geniş miqyasda vüsət alan ölkəmizə qarşı Ermənistanın apardığı hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-i Dağlıq Qarabağ və ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş və bu işğalın nəticəsində Dağlıq Qarabağdan 60000, digər ətraf rayonlardan isə 600000 nəfərdən çox insan məcburi köçkünə çevrilmişdir. Onlar respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə müvəqqəti məskunlaşmışlar. Bundan əlavə, Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikası, Ağstafa, Tovuz, Ağcabədi, Gədəbəy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100000 nəfərədək azərbaycanlı həyat üçün təhlükəli olduğuna görə öz daimi yaşayış yerini tərk etməyə məcbur olmuşdur. Hərbi təcavüz ölkənin 17000 kv.km torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin (şəhər, kənd, qəsəbə), 7000 sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 km avtomobil yollarının, 160 körpünün, 23000 km su və 15000 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur. Azərbaycan iqtisadiyyatına 22 milyard ABŞ dolları həcmində zərər vurulmuşdur. 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100000 nəfər yaralanmış, 50000 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq əlil olmuşdur. Məcburi köçkünlər arasında 8000 şəhid ailəsi, 50000 müharibə əlili, 5400 valideyin himayəsindən məhrum olmuş uşaq vardı.
Beləliklə, 1 200 500-a yaxın qaçqın və məcburi köçkün əhali vardır ki, bu da respublika əhalisinin 12%-ni təşkil edirdi. Məcburi köçkünlərin əksəriyyəti həyat şəraiti və sanitariya baxımından yararsız yerlərdə yaşayırdılar. Belə ki, qurma evlərdə (6458 –ailə), yük vaqonlarında (1905-ailə), ferma və yeraltı qazmalar (14463-ailə), təhsil müəssisələri və uşaq bağçalarında (15664-ailə), yataqxanalarda (21179-ailə), ictimai binalarda (29462-ailə), sanatoriyalarda (4163-ailə), pansionatlar və qonaq evlərində (2876-ailə), turist bazalarında (1448-ailə), yol kənarında (3786-ailə), qeyri-qanuni zəbt olunmuş binalar (13665-ailə), yarımçıq tikililər (21791-ailə), qohum evləri (21287-ailə), beynəlxalq humanitar təşkilatlarımn xətti ilə tikilən evlərdə (6614-ailə) QMKİDK-nin xətti ilə tikilən evlərdə və çadır düşürgələrində yaşayırdılar. Artıq qaçqın və məcburi köçkünlər arasında xeyli yeni ailələr yaranmışdır ki, onların ayrıca məskunlaşdırılması problemə çevrilmişdir. 2001-ci ildən başlayaraq, çadır düşərgələrində daha ağır şəraitdə yaşayan ailələrin yeni qəsəbələrə müvəqqəti yerləşdirilməsi və torpaq sahəsi ilə təmin olunması istiqamətində hökumət tərəfindən bir çox işlər görülmüşdür.
Neft strategiyası öz bəhrəsini verməyə başlayan andan ilk vəsait qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilərək Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən Biləsuvar rayonu ərazisindəki 5-i 2003-cü ildə, Bərdə və Ağcabədi rayonlarındakı 4-ü 2006-cı ildə və Saatlı, Sabirabad rayonları ərazisindəki 3-ü isə 2007-ci ildə ləğv edilmişdir.

Bu baxımdan, XX əsrin 90-cı illəri Azərbaycan ailəsində özünəməxsus yer tutur. Belə ki, 18 oktyabr 1991-ci il müstəqilliyini qazanan Azərbaycanda artıq yeni siyasi, sosial-iqtisadi münasibətlərin əsası qoyuldu və bu əsas üzərində yeni azərbaycanlı ailəsi də formalaşmağa başladı. İnsan şəxsiyyətinin mənəvi tərəqqisi, inkişafı, formalaşması barədə cəmiyyətin əldə etdiklərinin hamısı bu tarixdən başlayaraq Ermənistan dövlətinin xalqımıza və ölkəmizə qarşı elan etmədən başladığı işğalçılıq müharibəsi Azərbaycanda ailə-məişət münasibətlərinin də xeyli pisləşməsinə səbəb oldu. Həyat şəraitinin pisləşməsi, evsizlik, işsizlik, müharibənin yaşatdığı psixoloji gərginlik insanların bir-biri ilə ünsiyyətini, eyni zamanda, məskunlaşdıqları yerlərdə yerli əhaliylə ünsiyyətini xeyli çətinləşdirmişdir. Hökumət məcburi köçkün və qaçqınların həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox dövlət proqramları həyata keçirsə, onların rahat yaşaması üçün bir sıra imtiyazlar tanısa da bu, yeni ailə-məişət münasibətlərinin yaxşılaşmasına kömək etmədi.
Azərbaycanda 1980-cı illərə qədər çoxuşaqlılıq ənənəsi mövcud idi. Yalnız 80-cı illərdən başlayaraq ikiuşaqlı ailələrə keçid başlamış və bu proses 90-cı illərdə də davam etmişdir.
2001-ci ildə Azərbaycanda doğulanlar arasında kişilər 59495 nəfər (şəhər-26989 nəfər, kənd-32506 nəfər), ölənlər 23725 nəfər (şəhər -12655 nəfər, kənd-11070 nəfər), qadınlar arasında doğulanlar 50861 nəfər (şəhər-22687 nəfər, kənd-27174), ölənlər 21559 nəfər (şəhər -10687 nəfər, kənd -17342 nəfər) idi. Azərbaycanda doğulanlara nisbətən ölənlərin sayı 1989-cu ildən başlayaraq artmış, 1992-ci ildə yüksək həddə çatmışdır. Müharibə, yaranan problemlərə psixoloji cəhətdən hazır olmamaq ölənlərin çoxalması ilə nəticələnmişdir.
Müharibənin ağır nəticələri məcburi köçkünlərin səhhətlərində də özünü göstərmişdir. Çadırlarda, vaqonlarda, eləcə də istiliklə pis təchiz olunan, yaşamaq üçün yararsız binalarda yaşayan ağır xəstəliklərə daha çox meyllənirdilər. Şəhər yerlərinə nisbətən adı çəkilən çadır və vaqonlarda yaşayanlar arasında daha çox mədə-bağırsaq xəstəliklərinə rast gəlinirdi. Üstəlik, əsəb xəstəliklərinə tutulmaları da qarşılaşdıqları ağır həyat şəraitinin doğurduğu psixoloji nəticəsidir. O dövrlərdə dövlət bacardığı qədər məcburi köçkünlərə diqqət ayırmağa çalışsa da, yenicə müharibədən çıxmış, iqtisadiyyatı normal olmayan, siyasi hərc-mərclikdən yenicə qurtulmuş bir dövlət üçün bunu təkbaşına etmək olduqca çətin idi. Bu səbəbdən hökumət Beynəlxlaq qeyri-dövlət təşkilatlarını yardım kampaniyalarına cəlb edirdi. Bu təşkilatlar bir sıra hallarda qaçqın və məcburi köçkünləri dərmanlarla, ərzaqlarla, isti geyim və yorğan-döşəklərlə təchiz edirdi.
Ümumdünya Ərzaq Proqramı (ÜƏP) mütəmadi olaraq 200 min məcburi köçkünə yardım edirdi ki, bu da məcburi köçkünlərin ümumi sayının 33 faizini və bütövlükdə ərzaq paylanan təşkilatlar tərəfindən məcburi köçkünlərinin ümumi sayının 68 faizini təşkil edirdi. Həmin ərzaq alan adamlar əsasən Bakıdan kənarda ictimai binalarda və 12 çadır-qəsəbə düşərgələrində məskunlaşanlar idi.
ÜƏP-dən ərzaq alan ailə təsərrüfatının 20 faizi tənha ailə başçıları idi, onlardan ailə başçısı qadın olanlar isə 60 faiz təşkil edirdi.
Üzləşdikləri həyat şəraiti onların insan potensialına da mənfi təsir göstərmişdir. Müəyyən ixtisasa malik olan mütəxəssislər işsizlikdən səriştələrini itirir və qeyri-fəal olmaq məcburiyyətində qalırdılar. Bu cür həyat tərzi isə onlara mənfi təsir göstərir, psixoloji cəhətdən gərginliyə səbəb olur, nəticədə isə qaçılmaz olan sinirsəl və digər xəstəliklərə yol açmış olurdu.
Məcburi köçkünlərin üzləşdiyi problemlərdən biri də uşaqların təhsili ilə bağlı idi. Belə ki, onların bəzilərinin uşaqları ya ümumiyyətlə məktəbə getmir, yaxud vaxtaşırı gedirdilər. Məktəblərin bəzilərində sıxlıq olurdu və müxtəlif təhsil səviyyəsi olan şagirdlər eyni qrupa daxil edilirdilər. Ağır sosial vəziyyət səbəbilə məktəb yaşında uşaqlar təhsildən yayınaraq işləməyə də məcbur qalmışlar. Tədricən hökumət bu halların qarşısını almağa, problemləri aradan qaldırmağa çalışsa da, nəticədə, bütün bu problemlər insanların psixoloji və sağlıq durumunu dərindən sarsıtmış, həyatları boyu onlarda travmatik hal yaratmışdır.
Bu gün çadır şəhərciklərində böyüyən, köçkünlüyün ağır günlərini yaşayan insanlar artıq cəmiyyətdə müəyyən yer tutmuş olsalar da, uşaqlıq travmalarını atlada bilməyiblər. Onların reabilitasiyası və cəmiyyətə yenidən qaytarılması üçün dövlət uzun illər müxtəlif proqramlar, qanunvericilik aktları qəbul etmişdir. Onların bir qisminin insanların cəmiyyətə qazandırılması isiqamətində təbii ki, köməyi oldu, lakin 1 nömrəli həlli tələb olunan məsələ həll olunmadan o insanların özgüvəninin yerinə qayıtması mümkün deyildi. Nə idi bu məsələ? Təbii ki, işğalda olan torpaqlarımızın yenidən bizə qaytarılması.
Müharibələr hər zaman ağır olur, gedişatı da, nəticələri də. Xüsusilə, məğlubiyyət yaşayan ölkələr üçün daha ağır olur. Biz uzun illər bu məğlubiyyətin acısını yaşamışıq, fərd olaraq, xalq olaraq, millət olaraq, dövlət olaraq. Müharibədə ən çox əziyyət çəkən kəsim də qadınlar olur, çünki qadınlar sevdiklərini, həyat yoldaşlarını, övladlarını, atalarını, qardaşlarını sonu bilinməyən bir burulğana yola salır. Gözləyir… Gözləmək qədər insana acı verən duyğu tanımıram. Doğmalarından hansı xəbər gələcəyini bilmədən gözləmək… O üzdən qadınlar müharibələrin olmağını istəməz. Azərbaycan qadınlarının I Qarabağ müharibəsindən sonra atalarını, qardaşlarını, böyüklərini itirmiş övladlara, bacılara həm ata, həm ana, həm bacı, həm qardaş, həm qız, həm oğul olmasının yaşatdığı çətinliklərə sinə gərə bilməsi, qadınların zərifliyinə baxmayaraq nə qədər güclü olduğunu göstərdi bizə.
Bu gün biz yenidən müharibə yaşadıq. 30 il öncə müharibədə doğmalarını itirən qadınlarımız, qızlarımız yenidən gözləməyi seçdilər. Həm də qürurla. Eşidəcəkləri nə olur, olsun. Bu zərif qadınlar yenidən ən böyük yükü çiyinlərinə almağa razı gəldilər. Çünki 30 il öncə yaşadıqlarımızı 30 il sonra övladlarımızın da yaşamasını istəmədilər.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsi və 44 gün ərzində ordumuzun torpaqlarımızı işğaldan azad etməsi yeni münasibətlər formalaşdırdı. Biz xalq olaraq birləşdik, bütövləşdik, millətləşdik. Nəticə xalqımız, dövlətimiz, millətimiz üçün möhtəşəm oldu. 27 il işğalda qalan, əslində isə 207 il bizi təhdid edən Qarabağ problemində əhəmiyyətli və prinsipial irəliləyiş əldə olundu. Millət, xalq olaraq, diz üstündən qalxa bildik, qürurumuzu bərpa etdik, ordumuzu məğlub ordudan qalib orduya çevirdik. İgidlərimiz tarix yazdı. Artıq şəhid verən qadınlarımız qələbə xəbəri ilə, bu qələbədə qanından, canından olanın payının olması ilə qürur duyur! Şəhid məzarı önündə, igidim, nur içində yat, qanın yerdə qalmadı deyir!

İlahə Sadıqova
Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavin,
“Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertant

XƏBƏR LENTİ