"Türkiyə Suriyanın Münbic bölgəsini, o cümlədən bütün sərhəd boyu zonalarını PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyəcək".
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib.
O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın Türkiyəni aldatdığını deyib: “Biz Obama dövründə “Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq “Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı. “Zeytunluq” hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı, biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Minbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Ancaq sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar”.
R. T. Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hazırda həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb: “Məhv edilən terrorçuların sayı isə 268-dən çoxdur. Biz terrorçuların kökünü o torpaqlardan qazıyacağıq. Afrində əməliyyat terrorçuların kökü kəsilənədək davam edəcək".
Xeberdar.net