Azaqlıq Aşiqi - Ələkbər Talıbov

1 434 6-04-2020, 22:04 kose / siyaset / cemiyyet

Azaqlıq Aşiqi - Ələkbər Talıbov
Xalqın tarixini qəhrəmanlar yaradır. Öz mərdliyi, cəsarəti və qəhrəmanlığı ilə tarixə düşən şəxsiyyətlərdən biri də Ələkbər Hacı Məhəmmədəli oğlu Talıbovdur.
Talıbov Ələkbər Hacı Məmmədəli oğlu 7 avqust 1953-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən idi. Ələkbər Talıbovun atası Hacı Məmmədəli 17 yaşında artıq Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak etmişdir. Hacı Məhəmmədəli Talıbov milli-mənəvi dəyərlərimizin qorunmasında, İslam dininin əhali arasında geniş yayılmasında və dinin təbliğ olunmasında mühüm rol oynamışdır. Neftçala rayonu Bankə qəsəbəsində, habelə ətraf ərazilərdə cavanların din yolunda maariflənməsində böyük xidmətləri olmuşdur.[/b]
Ələkbər Talıbovun yaşadığı dövr və həmin dövrdə ətrafında cərəyan edən hadisələr, malik olduğu mərd xarakteri, xalqının, millətinin dərdinə can ortağı olan ruhu azadlıq mübarizəsinə səsləyirdi. O 1988-ci ildə Azərbaycanda baş vermiş milli azadlıq hərəkatına qoşulmuş və Xalq Cəbhəsinin fəallarından biri olmuşdur. Ruhunda vətən sevgisinin bənzərsiz hüzünlü həsrəti onu bu mübarizəyə səsləmişdir. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Ələkbər Talıbov demokratik ruhda böyüyərək Azərbaycanın bütövlüyü uğrunda çalışıb. Ələkbər Talıbov 20 Yanvar faciəsi zamanı yüksək mərdlik, şücaət göstərərək azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur. Döyüşçü ruhu, düşmənə qarşı bəslədiyi qəzəbli münasibət onu azadlıq fədaisinə çevirmişdir. Qanlı qırğın zamanı düşmən tərəfindən yaralanmış, Xalq Cəbhəsinin fəalı kimi həbs olunmuş və təcridxanaya aparılmışdır. 1990-cı il 25-26 yanvar hadisələri zamanı Neftçalaya soxulmuş rus qoşunlarının rayondan çıxarılmasında Ələkbər Talıbovun əvəzsiz xidmətləri olmuşdur. Azərbaycan Xalq Cəbhəsinin Neftçala şöbəsində Milli Azadlıq Hərəkatının fəalı kimi hər hansı bir qırğın, qarşıdurmanın qarşısını almaq məqsədilə xüsusi danışıqlarda iştirak etmişdir. Ələkbər Talıbov baş vermiş faciəni belə xatırlayırdı: “Neftçalada 20 Yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 Yanvar hadisələrinə öz etirazımızı bildirdik. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. Neftçalada iki nəfər şəhid oldu. Bir müddət Neftçalada baş verən qanlı hadisələrdən sonra məni ölü sanırdılar. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər, lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər”.
Azaqlıq Aşiqi - Ələkbər Talıbov
Ələkbər Zahidov “Müstəqillik yollarında” kitabında yazır ki, Meydan dağıdıldıqdan sonra respublikada komendat saatı qoyuldu, cəzalandırma, durğunluq dövrü başlandı. Neftçaladan da Meydanda axıra qədər qalanlar vardı, onlar da möhkəm döyülmüşdülər, bədənləri qançır olmuşdu. Ələkbər Talıbov da belələrindən idi.
Öz vüqarı, qüruru ilə bizə hər zaman örnək olmuşdur. Ağlımız kəsəndən həmişə söhbətlərinə qonaq olmuşuq. Bu söhbətlər insanın ruhunda sözlərlə izah olunmayacaq hisslər yaradır, kövrək duyğular oyadırdı. Ələkbər Talıbov ruhumuzu qəhrəmanlıq duyğuları ilə tərbiyə etdirirdi: Erməni vəhşiliyi, vətən uğrunda canından keçən neçə-neçə igid oğulların qəhrəmanlıqla şəhid olması haqqında xeyli məlumat vermişdi.
Qazi Ələkbər Talıbov müsahibələrinin birində qeyd etmişdi: “Mən istəyirəm ki, gənclərimiz 20 Yanvar hadisələrinin yalnız Bakı ilə məhdudlaşmadığını anlasınlar. Bilsinlər ki, imperiyaya meydan oxuyan Azərbaycan xalqı Neftçalada da gülləbaran edilib. 25 yanvar hadisələri zamanı bizim rayondan iki nəfər şəhid oldu. Mən özüm güllə yarası aldım... Biz ayağa qalxdıq ki, müstəqilliyimizi qazanaq. Bu tarixin zərurəti idi. Qan yaddaşını unutmaq olmaz”.
Azaqlıq Aşiqi - Ələkbər Talıbov
İbrahim Nurlu “Neftçalada yanvar qırğını” kitabında yazır:[b] “Əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirdilər. 1990-cı il 25-26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Ələkbər Məmmədəli oğlu Talıbov yaralanmışdır”. Müəllifə ünvanlanan məktubların birində Ələkbər Talıbov haqqında danışılırdı: “Süngü Ələkbərin sol qaşı altına soxlmuşdu. Qan axıb gözünə dolurdu. Əlləri bağlı olduğundan nə qanı silir, nə də qanı saxlaya bilirdi. Sonradan qan soyuqdan laxtalanıb qurusa da, göz qapağı şişmişdi. Sanki ağır bir yük vardı. Gözünü qırpa bilmirdi”.

1993-cü ildə baş vermiş Qarabağ müharibəsində də Ələkbər Talıbov iştirak etmişdir. Üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Batalyonun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər od-alovlu yerlərdən keçib. Ələkbər Talıbov Ağdamın Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzulinin Aşağı və Yuxarı Veysəlli kəndlərində xüsusi əməliyyatlarda iştirak etmişdir. Ələkbər Talıbov Çəmənlidə Orucov qardaşlarının tank diviziyasında da iştirak etmişdir.
Azaqlıq Aşiqi - Ələkbər Talıbov
Qeyd edək ki, 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib.
3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adı Ələkbər Talıbova da verilmişdir. Bundan başqa 2000-ci ildə qanlı “20 Yanvar” hadisələrinin on illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür.
Bir fədai olduğu qədər, bir komandir idi. 1988-ci ildən kapitan vəzifəsində çalışıb. Azadlıq hərəkatı vaxtı gəmisinə “Azadlıq” adı vermiş, üç rəngli bayrağımızı dalğalandırmışdır. 2012-ci ildən 2020-ci ilin yanvarınadək Fövqalədə Hallar Nazirliyinin Xəzər Hövzə Xilasetmə Xidməti İşləri İdarəsində gəmi kapitanı vəzifəsində çalışmışdır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev Ələkbər Talıbovun vəfatı ilə bağlı başsağlığı verib: “Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Ələkbər Talıbov demokratik ruhda böyüyərək Azərbaycanın bütövlüyü uğrunda çalışıb. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbovun bu gün aramızda olmaması bizim üçün olduqca ağır bir itkidir. Onun bu dünyadan köçməsi xalqın itkisi oldu. Bu ağır itki ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Partiyası üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, bütün doğmalarına və onu sevənlərə dərin hüzünlə başsağlığı veririk. Məkanı Cənnət, ruhu şad olsun!”
Neftçaladan millət vəkili seçilən, Vətndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, Sabir Rüstəmxanlı Ələkbər Talıbovun ailəsinə başsağlığı verib: “20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülən Ələkbər Talıbov martın 8-də vəfat edib.
Qazinin ailəsinə dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət etsin”.

Azadlıq aşiqi, canlı Şəhidimiz, Azərbayccan milli azadlıq hərəkatının üvzü, “20 Yanvar” qazisi, Qarabağ müharibəsi iştirakçısı, “Azaqlıq uğrunnda mübariz”, Prezident təqaüdçüsü - Ələkbər Talıbov 8 mart 2020-ci ildə qəflətən dünyasını dəyişdi. Onun vəfatı bizim üçün olduqca ağır itkidir. Bu itki ailəsini, yaxınlarını, mübarizə silahdaşlarını və onu tanıyanları dərindən sarsıtdı. Onun indi aramızda olmaması böyük hüzündür. Allah rəhmət etsin, ruhu şad olsun!

Hazırladı: Ağabacı Talıblı

XƏBƏR LENTİ