Livan erməniləri Dağlıq Qarabağa köçürülür

705 14-09-2020, 15:02 dunya

Livan erməniləri Dağlıq Qarabağa köçürülürSentyabrın 18-dən sonra daha iki livanlı erməni ailəsinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürüləcəyi gözlənilir, Ermənistan KİV-ləri xəbər verir.

İlk livanlı erməni ailələri təxminən iki həftə bundan əvvəl Dağlıq Qarabağda məskunlaşmağa başlayıb. Erməni informasiya agentliklərinin məlumatına görə, iki belə ailə artıq keçmiş Dağıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda, işğal altında olan kəndlərdən birində yerləşdirilib, daha bir ailə Şuşada məskunlaşıb.

Rəsmi Bakı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyib. Azərbaycanı Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi Yerevanın hərəkətlərini "müharibə cinayəti" kimi səciyyələndirib.
AZƏRTAC agentliyinə açıqlamasında Hikmət Hacıyev işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılmış əhalinin faktiki olaraq "Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına" çevrildiyini bildirib.

"Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir," - cənab Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

"Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir," - Hikmət Hacıyev qeyd edib.

Bununla belə, Dağlıq Qarabağdan alınan məlumatlara görə, daha 30 ailənin Dağlıq Qarabağa köçməsi haqqında danışıqlar aparılır. Bu barədə Dağlıq Qarabağdan yayımlanan "Artsakh" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Beyrut limanında avqustun 4-də baş verən partlayışdan sonra Livan ermənilərinə dəstək proqramı çərçivəsində humanitar yardımdan başqa, "Artsax (Dağlıq Qarabağ - red.) burada məskunlaşmaq istəyən Livan erməni ailələrini qəbul edir".

"Artsax xalqından Livan ermənilərinə" işçi qərargahın məlumatına görə, hazırda Dağlıq Qarabağda məskunlaşmaq istəyən 30 ailə ilə danışıqlar aparılır, məlumatda deyilir.

Təxminən iki həftə əvvəl təkuşaqlı Toni və Tsoler Hajjar ailəsi də Şuşada məskunlaşıb.

Lakin Toni Hajjarın ailəsi Livandan daha əvvəl, 2018-ci ildə, maliyyə böhranı səbəbindən çıxıb. Uzun əziyyətlərdən sonra Ermənistana gəlmək, "hər şeyi yenidən başlamaq" qərarına gəliblər. Lakin, deyirlər, iş tapmaq çox çətin olub. Toni uzaqlarda pul qazanmağa çalışırdı, həyat yoldaşı oğlunu - "ilk zamanlar yad da görünsə, hər halda doğma erməni mühitində" - tək böyütməyə məcbur idi, onlar deyirlər./BBC

XƏBƏR LENTİ