Azyaşlı uşaqlara qarşı zorakılıq hallarının artması və bu kimi hadisələrin sosial şəbəkələrdə tez-tez yayılması nədən xəbər verir – cəmiyyətin susqunluğundan, hüquqi boşluqlardan, yoxsa mənəvi dəyərlərin zəifləməsindən?”
Kulturoloq İlahə Sadıqova bu sual ətrafında fikirlərini Yenifikir.media-ya bildirib.
Təəssüf ki, son dövrlərdə qadınlara və – cinsindən asılı olmayaraq – azyaşlı uşaqlara qarşı zorakılıq hallarının artmasının şahidi oluruq. Bu isə cəmiyyətimiz üçün ciddi siqnaldır. Xüsusilə məlum hadisədən sonra ictimaiyyət arasında böyük ajiotaj yaranıb. İnsanlar övladları üçün ciddi narahatlıq keçirməyə başlayıblar.
Belə halların qarşısını almaq üçün pedofiliya ilə bağlı maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.
Əvvəlcə pedofiliya anlayışına nəzər salaq: pedofiliya – uşaqlara qarşı cinsi marağın olması – psixi xəstəlik və ya sapma kimi dəyərləndirilir və bu cür davranışlar qanunla cinayət hesab olunur. Son dövrlərdə bu mövzu geniş müzakirə olunduğundan, pedofiliya faktlarının artdığı təəssüratı yaranır. Əslində isə bu hallar əvvəllər daha geniş yayılmışdı. Sadəcə, informasiya texnologiyalarının inkişaf etmədiyi və maariflənmə səviyyəsinin aşağı olduğu dövrlərdə bu hadisələr işıqlandırılmırdı. Hətta cəmiyyət “pedofiliya” terminini belə tanımırdı. Tarixə nəzər salsaq, bir çoxumuzun nənə və babalarının ailəsində 11-13 yaşlı qızların ərə verildiyinin şahidi olarıq. Bu, həmin dövrdə normal qarşılanırdı.
Bəs bu cür halların yayılmasına səbəb nədir? İlk növbədə dəyərlərin deformasiyası. Hələ də insanlar mentalitetə sığınaraq, cəmiyyətdə qınaq obyekti olmamaq üçün belə zorakılıq faktlarını gizlətməyə çalışır, ictimailəşdirməkdən çəkinirlər. Digər tərəfdən, internet və sosial media bir tərəfdən bu halların ictimailəşdirilməsinə şərait yaratsa da, digər tərəfdən qapalı qruplar və platformalarda bu meyllərin yayılmasına da zəmin yaradır. Ödənişli kanallar vasitəsilə yayılan, azyaşlı uşaqlarla cinsi münasibətləri təbliğ edən materiallar bu təhlükəli davranışları artırır.
Müsbət məqam odur ki, artıq əvvəllər gizli saxlanılan belə faktlar jurnalistlər, ictimai birliklər, vətəndaş cəmiyyəti nümayəndələri və fəal vətəndaşlar tərəfindən ictimailəşdirilir. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı hərəkətə keçir, cinayətkarlar cəzalandırılır. Təəssüf ki, zorakılığa məruz qalan şəxslər, statistika göstərir ki, əksər hallarda yaxın qohumları və çevrəsi tərəfindən zorakılığa məruz qalırlar. Bu səbəbdən də belə hallar çox zaman gizli saxlanılıb, şikayətlər edilməyib. Nəticədə belə şəxslər üçün cəzasızlıq mühiti formalaşıb. Onlar da düşünməyə başlayıblar ki, istədiklərini edə bilərlər və günahlandırılanlar onlar deyil, zorakılığa məruz qalanlar olacaq.
Təəssüflə qeyd etmək lazımdır ki, Sabirabadda baş vermiş hadisə ilə bağlı yayılan xəbərlərin altında sosial şəbəkə istifadəçiləri arasında 4 yaşlı uşağı qınayanlar da olub. Bu cür yanaşma göstərir ki, həmin insanlar da cəmiyyət üçün potensial təhlükə daşıyırlar. Əgər 64 yaşlı bir şəxsin deyil, 4 yaşlı uşağın günahkar olduğunu düşünürlərsə, onların psixoloji durumu ciddi suallar doğurur.
Sadalanan səbəblərlə yanaşı, bu halların yaranmasına məişət və psixoloji amillər – travmalar, ruhi pozuntular, sosial təcrid və s. də təsir göstərir. Bu problemlərin qarşısını almaq üçün psixoloji yardım sistemləri gücləndirilməli, maarifləndirmə tədbirləri daha geniş miqyasda həyata keçirilməlidir.
Maarifləndirmə dedikdə, valideynlərin, müəllimlərin və uşaqların pedofiliya riski barədə məlumatlandırılması nəzərdə tutulur. Hüquqi baxımdan qanunvericilik sərtləşdirilməli, xüsusilə də azyaşlılara qarşı təcavüz faktları qanunvericilikdə daha ciddi şəkildə əksini tapmalıdır.
Uşaqları belə hallardan qorumaq, onları bu cür sapmalardan mühafizə etmək və hansısa təbliğatın qurbanına çevrilmələrinin qarşısını almaq üçün valideynlər və qəyyumlar texnoloji nəzarəti həyata keçirməlidirlər. Uşaqların internetdən istifadəsi zamanı xüsusi filtrlər tətbiq olunmalı, eyni zamanda informasiya təhlükəsizliyinə cavabdeh qurumlar tərəfindən hazırlanan xüsusi proqramlar vasitəsilə onların texnoloji fəaliyyətinə nəzarət edilməlidir.
Bundan əlavə, risk qrupunda olan şəxslərə məxfi və effektiv psixoloji yardım göstərilməsi üçün sistemlər qurulmalıdır. Hesab edirəm ki, bu tədbirlər vasitəsilə gələcəkdə belə halların qarşısını almaq mümkündür.