Azərbaycan səhiyyəsində paradoksların ardı-arası kəsilmir. Bu dəfə diqqət mərkəzində TƏBİB-in qərarıdır. İddialara görə, Cərrahiyyə korpusunda fəaliyyət göstərən bəzi şöbələrin həkimlərinin, tibb bacılarının, hətta təsərrüfat işçilərinin əməkhaqlarına 20 faiz kəsinti tətbiq olunub. Səbəb isə sadəcə olaraq – şöbənin adının sonunda “Cərrahiyyə” sözünün olmamasıdır.
Maraqlıdır ki, bu qərar ən çox LOR (otorinolarinqologiya), oftalmologiya, travmatologiya, urologiya kimi şöbələrdə çalışanlara şamil olunur. Halbuki, məhz bu şöbələrdə hər gün saysız-hesabsız əməliyyatlar aparılır.
Bəs sual yaranır:
Əgər bu şöbələr “cərrahi” sayılmırsa, niyə onların həkimləri gündəlik əməliyyat masası arxasındadırlar?!
Əgər adı “Cərrahiyyə” ilə bitmirsə, niyə həmin şöbələr məhz Cərrahiyyə korpusunda yerləşdirilib, Terapiya bölməsinə yox?
Əgər əməliyyat aparmaq hüququ olmayan şöbədirsə, niyə xəstələrin həyatına kəsici alətlə müdaxilə edilir?
Qərarın pərdəarxası
Səhiyyə sistemində, uzun illərdir, hökm sürən idarəçilik xaosu burada da üzə çıxır. Hər addımda “kağız üzərində olan” və “real həyatda baş verən” tamamilə fərqlidir. Kağızda “cərrahiyyə” sözünün olmaması bir bəhanə, əslində isə büdcədən qənaət adı ilə həkimlərin cibinə uzanan görünməz əl.
Bu, həm də hüquqi mübahisə doğuran qərardır. Çünki əmək müqavilələrində və iş şəraitində göstərilən funksiyalar – yəni əməliyyat aparmaq, cərrahi xidmət göstərmək – realdır və inkar edilə bilməz. O zaman işçilərin maaşından 20 faiz kəsmək yalnız formal söz oyununa söykənən, qanunsuz addım hesab oluna bilər.
Səhiyyədə ədalət bərpa olunacaqmı?
Burada söhbət təkcə maaş kəsintisindən getmir. Söhbət həm də dövlət qurumunun öz işçilərinə münasibətindən gedir. Əgər bir həkim əməliyyat aparırsa, onun adı da, haqqı da cərrahdır. Əks halda, bu, həm xəstənin həyatına riskdir, həm də həkimin peşəkar nüfuzuna zərbə.
Sual açıq qalır:
TƏBİB doğrudanmı səhiyyəni “söz oyunu” ilə idarə etmək niyyətindədir, yoxsa burada hansısa başqa maraqlar gizlənir?
Vüsal Başaratvi