HARASI İLƏ DÜŞÜNDÜYÜNÜ BİLMƏYƏN BƏZİ MƏTBUATIMIZ!

1 214 1-01-2018, 11:46 kose / siyaset / gundem

HARASI İLƏ DÜŞÜNDÜYÜNÜ BİLMƏYƏN BƏZİ MƏTBUATIMIZ!

Bir neçə gündür İranda baş verən hadisələr hər kəsin diqqət mərkəzindədir. Vəziyyət biz sandığımız qədər də gərgin deyil. Azərbaycanın bəzi mətbuat orqanları 2009-cu ildə baş verən mitinqləri indiki kimi cəmiyyətə sırıyır. Bəylər, bilmək olar məqsədiniz nədir? Bununla nə əldə etmək istəyirsiniz? Elə bilirsiniz ki, İran qarışsa hər şey yaxşı olacaq? Xeyir. Başqalarını düşünmürük, heç olmasa özümüzü düşünək. Azərbaycan İranın orta ölçülü bir şəhəri boydadır. Bölgədə yaşanacaq gərginlik, Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Regionun, coğrafiyanın təhlükəsizliyi çox şeydən önəmlidir. İranı xaraba qoyanda, 10 minlərlə Azərbaycan vətəndaşının talehi heçmi sizi narahat etmədi? Hər gün minlərlə Azərbaycanlı cənub qapılarına bir tikə çörək üçün üz tutur. Heç olmaya, düşmən dediyiniz, molla rejimi dediyiniz ölkəni xaraba qoymazdan əvvəl, "sınır qapılarına" bir baş çəkin. Növbədə dayanan minlərlə Azərbaycan vətəndaşının üzünə baxın. Bilirsiniz o üzlərdə nə yazılıb? Bilmirsinizsə deyim. "Görəsən İrandan gətirdiyim ərzaqları əlimdən alıb anbara atmaycaqlar ki? Əsas bizimkilərdiyee, İran gömrüyü heç nə demir, incitmir. Allah bizimkilərin insafın kəssin. Evdə uşaqlar əlimi güdür indi..." O uşaqlar ki, ataları, anaları öz gömrüyümüzün işçiləri ilə üzgöz ola-ola İrandan gətirdiyi ərzaqlarla böyüyəcək və 18 yaşı tamam olanda "Vətən sağ olsun" deyib erməni qabağına göndərəcəklər. 5-10 aydan sonra bayrağa büküb uçuq daxmasına göndərəcəklər. Şəhidin ailəsinə çatacaq 11min manat qan pulunu isə aidiyyatı rayonun icra başçısı mənimsəyib, gəzdiyi "fahişəsinə" villa tikdirəcək.
Yaxudda, məsələyə başqa tərəfdən baxaq. Təsəvvür edək ki, İran qarışdı. Orda yaşayan 35 milyon Azərbaycan türkünün çox demirəm, 5-cə milyonu Azərbaycana qaçqın kimi axışdı, nə olacaq onda? Bir anlığa gözünüzün qabağına gətirin. Özünü güclə saxlayan Azərbaycan üçün əsil şok olacaq. Bir sözlə desək, ayaq altında gedəcəyik.
Yox, bizi Güney Azərbaycanın talehi maraqlandırır deyə edirik deyirsinizsə, nə səmimisiniz, nə də haqlı. Səmimi deyilsiniz ona görə ki, 25 ildir işğal altında olan torpaqlarımızdan ötəri hansı ciddi, rejimi yerində oturda biləcək addım atıbsınız? Desəm ki, işğal olunmuş rayonlarımız içində coğrafiyasına görə ən böyük rayon hansıdır, bilməyəcəksiniz. Haqlıda deyilsiniz ona görə ki, Qərb dünyası demokratiya, söz azadlığı, insan haqları adı altında müsəlman dövlətlərini xaraba qoyur. Baxın ərəb dövlətlərinə, hansına demokratiya, barış, huzur gəldi? İnsanlar səbəbini özüdə bilmədən bir-birini öldürür və qərbin petrol və s. maraqlarını təmin edir. Müsəlman dövlətləri içində güclü, hegomon, sözünü deyən iki dövlət qalıb. Türkiyə və İran. Qərb dünyası bu iki dövləti məhv etməkdən ötəri çıxmadığı oyun qalmır. Elə bilirsiniz ABŞ-ın ürəyi gedir Azərbaycan türklərindən sarı? Yaxud da İran vətəndaşının insan haqları ABŞ-ın yuxusunu ərşə çəkib? Xeyir. Qərbi zərrə qədər də Cənubi Azərbaycanın talehi narahat etmir. Sadəcə bizlərdən "maşa" kimi istifadə edib, İranı parçalamaq istəyir. Necə ki, Türkiyə sınırlarında "kürd kartından" istifadə edir.
Sizi deyə bilmərəm, mən "maşa" olmağı sevmirəm. Azərbaycanımın, sadə Azərbaycanlının talehi, maraqları mənim üçün hər şeydən üstündür.

Elçin Aztürk

Xeberdar.net

XƏBƏR LENTİ