"Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi

"Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi












“Müxalifət ideoloji mübarizə aparmalıdır. Ortaya bir ideya qoyulmalı və insanları o ideya ətrafında birləşdirməlidirlər”

Xeberdar.net ictimai fəal Elgün Şahverdidən müsahibə götürüb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Salam, Elgün bəy. Bildiyim qədər siz Vətəndaş Cəmiyyətinin aktiv nümayəndələrindən birisiniz. Sosial şəbəkələrdən paylaşımlarınıza diqqət yetirəndən sonra sizinlə müsahibə etmək qərarına gəldik. Diqqətimizi çəkən məqam sizin müxalif düşərgəni daha çox tənqid etməyinizdir. Buna səbəb nədir?

Mən də sizi və oxucularınızı salamlayıram. Xoş gördük.

Müxalifəti tənqid etməyimin əsas səbəbi müxalifətin daha da yaxşı işlər görməsinə, güclü işləməsinə yönəlib. Tənqid olan yerdə inkişaf olar. Sözümdən elə çıxmasın ki, mən tənqid etdimsə, mənim tənqidimdən çəkinib daha da yaxşı işlər ortaya qoyacaqlar, xeyr, elə demək istəmirəm. Düşünürəm, tərifləməklə inkişaf olmur. Bəli, yaxşı işləri dilə gətirmək, demək lazımdır. Məni tanıyanlar da bilir ki, hətta hansısa siyasətçidən xoşum gəlməsə də, o siyasətçinin hansısa verilişdə dediyi sözü kontekstdən çıxarıb cəmiyyətə təqdim edənləri belə tənqid etmişəm. Doktor Əli Şəriətinin gözəl sözü var: "Tənqidin olmadığı yerdə bütpərəstlik başlar". Baltazar Qrasianın bir ifadəsi yadıma düşdü. O deyirdi ki, müdrik öz düşmənlərindən daha çox fayda alar, nəinki axmaq öz dostlarından. Belə bir əhvalatla fikrimi daha da qüvvətləndirim. Bir gün şah Giyeron düşmənlərindən biri ilə söhbət edirdi. Həmsöhbəti şahın üfunətli nəfəsinə işarə edir. Bundan sonra şah bir qədər narahat halda sarayına qayıdır və xanımına irad tutur ki, necə ola bilər ki, sən üfunətli nəfəsimin olduğunu mənə heç vaxt deməmisən? Xanımı ona cavab verir ki, cənabım, mən elə bilirdim ki, kişilərin hamısının nəfəsi bu cürdür. Yəni, demək istəyirəm ki, çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik. Kimisə tənqid edirəmsə, demək ki, ondan bir gözləntim var, adam uman yerdən küsər.

-Düşünürdüz ki, xalq müxalifətə inanmadığı və güvənmədiyi üçün siyasətə qarışmır?


Baxın, mən hökuməti tənqid etmirəm, hökumətin işini ümumilikdə yararsız sayıram, sistemin çürük olduğunu deyirəm. Sistem kökündən dəyişilməsə, nə sistemi tənqid etməyin, nə yol göstərməyin xeyri olmayacaq. Amma müxalifəti yararsız, çürük saymadığımdan onları tənqid edirəm, çünki müxalifətdən gözləntim var. Ölkədə pis, yaxşı müxalifət var, hər partiyanın da tutduğu bəlli bir yolu var. Bəyənsək də, bəyənməsək də müxalifətin, sivil toplumun, vətəndaş cəmiyyətinin, müstəqil jurnalistlərin, araşdırmaçı jurnalistlərin, bloggerlərin, hüquq müdafiəçilərinin, vicdanlı vəkillərin hesabına bu ölkə Türkmənistan olmaqdan qurtulub. Bəli, ölkədə avtoritar rejimdir, diktarura olmamağının səbəbi elə bu sadaladığım institutlardır.
Bu yaxınlarda bir iş adamı ilə dialoqumuz oldu, mənə müxalifətin yaxşı iş görmədiyini deyirdi, tənqid edirdi. Qulaq asdım özünü ziyalı, orta təbəqənin adamı hesab edən adamdan bunları eşitmək əslində üzücüdür. Amerikadakı son prezident seçkilərindən misal çəkdim. Bu yaxınlarda olan seçkidə Baydenin qələbə qazanmağının bir səbəbi də ona orta təbəqənin adamlarının, ziyalıların, hətta müğənnilərin də dəstək olması idi. Cenifer Lopezin Bayden administrasiyasına ianələrlə dəstək olmasından və başqalarından danışdım və sual etdim ki, hansısa bir partiyaya ianə olaraq yardım etmisənmi? “Mən səni dəstəkliyirəm, bu da mənim ianəm. Daha yaxşı işlər görün, mən də sizə dəstək olum, bəyənmədiyimiz hakimiyyəti birlikdə yola salaq”, - dedi.
Bilirik ki, hər bir keyfiyyətli işin başında maddiyyət durur. Məsələn, bir partiyadan sənin ianənlə partiya üzvünü xaricə praktikalara yollamaq olar, siyasi təhsil almaq üçün yardım etmək olar, siyasi proseslərə dəstək vermək olar. Belə olmur axı, mən sizi dəstəkliyirəm, özüm də evdə oturmuşam, siz hakimiyyəti dəyişin biz də gələrik yanınıza. Ölkədə ianə mədəniyyəti yoxdur. Ölkədə hətta seçki mədəniyyəti də yoxdur. İnsanlar 5 dəqiqəsini ayırıb səs verməyə getmək istəmirlər. Düzdür, xalqı da çox günahlandırmaq istəmirəm bu məsələdə, çünki burada xalq mənimçün həm də investor rolunu oynayır. Xalqımız biraz, sözün yaxşı mənasında, fürsətcildir, investordur. Analiz edir, xeyir götürmədiyi oyuna girmir. Qarşılığında da onu bu işdə xeyir gözləyəcəyinə inandırmaq lazımdır.
Türkiyənin mərhum prezidenti Turqut Özal deyirdi ki, bir qoyub üç alacağıq. Bunu xalq hiss etməlidir, xeyrini bilməlidir. Buna görə də düşünürəm ki, orta təbəqə ayaqda olmalıdır.
Ad çəkməyəcəm, partiya sədri var ki, öz seçki dairəsində olan seçiciləri səmimiyyəti ilə inandırmağı bacarıb və hər seçkidə həmin o seçicilərin böyük faizi o partiya sədrinə sevərək səs verirlər. Bunu, sadəcə, ölkəmiqyaslı etmək lazımdır. Hər dairə üzrə belə siyasətçilər olsa, təbliğat və təşviqat kampaniyalarını düzgün qursalar, cəmiyyətdə siyasi iştirakçılıq yüksələr.

- Sizcə, nə etməlidirlər, təklifiniz nədir?

Müxalifət yeni bir şeylər düşünməlidir. Bu vaxta kimi olanlar alınmayıb, yeni nəfəs gəlməlidir. Yeni ideyalar ətrafında düşünmək lazımdır, ideoloqlar cəlb olunmalıdır proseslərə, siyasi məktəblər açılmalıdır, partiyalar xaricdə olan müxalif partiyalarla əməkdaşlığa başlamalıdır, üzvlər xaricə praktikaya yollanılmalıdır, təhsil almaq üçün şəraitlər yaranmalıdır, gənclərlə sıx işlənilməlidir. Müxalifət ideoloji mübarizə aparmalıdır. Partiya sədrlərinin mübarizəsi, ana müxalifət olmaq uğrunda çalışmaq üçün deyil.
Xalqa hakimiyyətə müasirliyimizlə alternativ olduğumuzu göstərməliyik. Düşünün, Amerika kimi nəhəng bir ölkənin 11 federal departamenti olduğu halda, bizim kimi kiçik bir ölkədə bu say 30-u keçir- nazirliklər, komitələr, idarələr və s. Müxalifət kiçik hökumət modeli ortaya qoymalıdır. Siyasətçinin işi danışmaq olduğu kimi, həm də ortaya iş qoymaqdır. Hər gün internet kanallarına çıxmaqla, danışmaqla da bir şey olmur. Özümüzü dəyişməliyik, oyun qaydalarını yeniləməliyik. Qazandığımız eyni kütləylə kifayətlənməli deyilik. Hər partiyanın bəlli bir kütləsi var, o kütlədə də ilişib qalıblar. Yeni kütlə qazana bilmirlər. Niyəsi bəllidir, eyni mövzular ətrafında danışılır. Artıq insanlarımıza bunlar maraqlı deyil, çünki xalq bu problemləri çox gözəl bilir. Eyni şeyi aşağı-yuxarı adi vətəndaş da evdə danışır. Ortaya bir ideya qoyulmalıdır və insanlar ideya ətrafında birləşdirilməlidir. Bizim sədr sizin sədrdən yaxşıdır, sizin sədr satqındır kimi fikirlər, yanaşmalar hakimiyyətin xeyrinədir, bizim deyil.
Con Kennedinin yaxşı bir fikri var: “Məqsəd və istiqamət olmadan səylər və cəsarət yetərli deyil”. Müxalifət qarşısına məqsəd qoymalı, insanlara istiqamət göstərməlidir. Xalqı inandırmaq lazımdır, bu xalq 1990-cı ilin 20 yanvarında əliyalın tankın qabağına çıxan xalqdır, bu xalq 44 günlük müharibədə könüllü müharibəyə gedən xalqdır. Canından keçməyi gözə alan xalq inanın ki, seçkidə də gəlib səs verər və səsinin arxasında da durar. Sadəcə, inandırmaq, alternativi ortaya qoymaq lazımdır. Dürüst, vicdanlı, səmimi siyasətçilərə ehtiyacı var bu xalqın. Müxalifət bir-birinə söz atmaqdan əl çəkib, hərə öz cəbhəsində hakimiyyətlə vuruşmalıdır.
Son zamanlar uşaq pulu mövzusu çox danışılır. Bir partiya deyir ki, uşaqpulu verilsin və heç bir rəqəm-filan ortaya qoymur. Niyəsini izah edir ki, bu hakimiyyət sənin ona təqdim etdiyin təkliflər planından yox, cəmiyyətin basqısından çəkinir. Və ona görə də çalışdığı qədər xalqı səfərbər edir ki, hakimiyyətə basqı etsinlər, uşaqpulu verilsin. O biri partiya isə biz rəqəmlərlə danışırıq, biz daha keyfiyyətli iş görürük, ortaya fakt qoyuruq, büdcədə filan qədər pul var və filan qədər də pul ayrılmalıdır və s. deyir. Və bələliklə, hakimiyyət qalır bir tərəfdə, partiyalar arasında müharibə düşür. Biri deyir digər partiyalar debillərdir, biri deyir debil özünsən, o biri deyir sənə deməmişəm, özüvə niyə götürürsən? Və hərənin öz partiyasının üzvləri də bəllidir ki, öz partiyalarının tərəfini saxlayır. Amma inanın ki, xalqa bu lazım deyil, xalq bezib bunlardan. Xalq bütün bunları görüb proseslərdən daha da uzaqlaşır. Cəmiyyətin gözündə bir az da qorxu var, amma bu əsla insanlarımızın qorxaq olduğu demək deyil, sadəcə, yenədə təkrar edirəm, cəmiyyət, xalq inanmalıdır. İnsan inandığı bir şeyin arxasınca gedər. İnanıram ki, xalqı inandıran bir qüvvə olsa (inanıram, o da olacaq), proseslərə qatılacaq. Hər zaman deyirəm, xalq gözləmə mövqeyindədir. Proseslərdə xalqın iştirak etməyinin yollarını tapmalıyıq, buna məcburuq.
Nelson Mandelanın gözəl bir fikri var: “Cəsur insan qorxu hiss etməyən deyil, o qorxunu dəf edəndir”. Demək istədiyim odur ki, xalqdan inamsızlığı da həmin o dürüst siyasətçilər, liderlər çıxartmalıdır.
Bir də bunu deyim, son zamanlar xaricdə oturmusan, bizə yol göstərmə kimi bir məntiqsiz yanaşma var. Bunu əslində çox da qınamaq olmur, çünki yol göstərmək istiyənlərin böyük əksəriyyəti yolu ideyada deyil, söyüşdə görürlər. Bunun da bəlli səbəbləri var və bunun da günahkarı sistemdir. Sistem onları o cür aqressiv edib. Amma unutmayaq ki, əksər inqilabların ideya müəllifləri xaricdə olub. Məsələn, İran İslam İnqilabının lideri Ruhullah Xomeyni Fransada idi, Rusiyadakı I və II inqilabların ideoloqları Lenin və Lev Trotski İsveçrədə, Almaniyada idilər, Fransa burjua inqilabının maarifçiləri və s. Demək istədiyim odur ki, xaricdə olan soydaşlarımızı, ideoloqları prosesə cəm etməliyik.
Belə bir deyim var, hər şey yaxşı deyilsə demək bu, son deyil.

- Təşəkkür edirəm, Elgün bəy.

Xeberdar.net

"Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi

  • 16-04-2021, 14:49
  • 825


Oxşar mövzular
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI