İKİ VLADİMİR VƏ YA ƏKS QÜTBLƏRİN SAVAŞI

İKİ VLADİMİR VƏ YA ƏKS QÜTBLƏRİN SAVAŞI
Bütün diktatorlar, avtoritarlar, teokratik rejim yaradıcıları daun xəstələri kimi bir-birlərinə bənzəyirlər. Normal insanın xromosom dəsti 46-dır. Daun sindromlu insanların bədənindəki hüceyrələrin xromosom dəsti isə 47-dir. Bu genetik fərqlilikdir. Xromosomlar həm də insanın psixoloji vəziyyətinə nəzarət edən, daha doğrusu insanı şəxsiyyət kimi formalaşdıran əsas ünsürdür.
Diktatorların psixoloji göstəriciləri eynidir: Özünəvurğunluq, təkəbbürün yaratdığı məğlubedilməzlik qənaəti, hər şeyi bildiklərinə özlərini inandırmaqları, başqalarından daha üstün olduqları düşüncəsi, hətta onlarsız həyatın belə mümkünsüzlüyü... və s. Sıralamadan göründüyü kimi hər bir diktator zehniyyəti xəstə təfəkkürdən xəbər verir. Diktatorlar əldə etdiklərinə, ətraflarında yaratdıqları manqurt ordusuna rəğmən böyümürlər. Və sonda nə hüdudsuz səlahiyyətləri, nə limitsiz kapitalları, nə də komandaları onları faciəvi məğlubiyyətdən qurtara bilmir. Çünki hüdudsuz səlahiyyət yalnız bir coğrafiya üçün keçərlidir. Belə olan təqdirdə demokratik dünyaya qarşı duruş mümkünsüz olur. Tarixdə Səddam, Qəddafi nümunələri var. Limitsiz kapitalın əsas hissəsi diktator zehniyyətinin 180 dərəcə əksi ilə idarə olunan ölkələrin banklarında saxlanıldığı üçün həmin dövlətlərin yalnız bir qərarı milyardlara əlçatanlığı tormozlayır. Diktatorların komandaları yalançılardan, riyakarlardan və bu kimi yarlıkları olan şəxsiyyətsizlərdən formalaşdığı üçün onlar öz sahiblərinə (diktator komandasına yalnız ona xidmət etmək üçün yaradılmış varlıqlar kimi baxır – B.H.) çıxış yolu göstərə bilmirlər. Siyasət həm də ehtimallar üzərində formalaşan sahədir. Ehtimalın özünü doğrultmamasının nəticəsi isə hətta təklif müəllifinin bioloji sonunu tezləşdirən amil ola bilər. Məhz bu amili nəzərə alan komanda öz missiyasını diktatorun hər debil təklifinə gülümsəməklə yerinə yetirir.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin müasir dünyanın azsaylı diktatorlarındandır. O, da özündən əvvəlkilər kimi "Putin yoxdursa, Rusiya da yoxdur" tezisi ilə yaşayır. İyirmi birinci əsrin Rusiyası Vladimir Putindən başqa lider görməyib. Putin təyin olunmuş baş nazirdən, artıq 4-cü dəfədir ki, hakimiyyətini demokratik prinsipləri ayaqlayaraq qoruyub saxlayan prezidentə çevrilib. Rusiya lideri 2024-cü ildə cari müddəti başa çatdıqdan sonra da prezidentliyə namizəd olacağını istisna etmir və o, 2036-cı ilə qədər hakimiyyətdə qala biləcəyini düşünür. Bu düşüncə Rusiya prezidentinin insan ömrünün bəlli bir zamanda bitəcəyi haqqında hər hansı düşüncəsinin olmadığı qənaətini yaradır.
Vladimir Putin 2000-ci ilin may ayındakı seçkilərdən sonra üç ay ərzində medianı nəzarət altına aldı. Media üzərində nəzarət Rusiya prezidenti üçün ikili fayda verdi: bu yolla o, nüfuzlu tənqidçilərini mövqelərindən məhrum etdi və Çeçenistan müharibəsindən, terror hadisələrinə kimi baş verən bütün olayları istədiyi şəkildə izah etmək imkanı əldə etdi. Narıncı inqilabdan sonra Ukraynadakı hakimiyyət boşluğu Putinə taktiki fürsət imkanları yaratdı. 2014-cü ilin fevralında Krımın ildırım sürəti ilə ilhaqı Putinin ən böyük qələbəsi və Qərbə aşağılayıcı zərbə oldu. Putin həmin dövrdə Qərb və NATO üçün qüdrətli rəqib idi. Rusiya təşəbbüsü ələ aldıqdan sonra Qərblə münasibətlərin formatını müəyyən etmək imkanına da sahibləndi. Rusiya prezidenti SSRİ-nin dağılmasından sonra yaranan müstəqil dövlətləri özünün təsir zonası hesab etdi. Bunu 2008-ci ildə qısa müddətli olsa belə baş tutan Rusiya-Gürcüstan müharibəsi fonunda da görmək olardı. Qərb ölkələri arasında əlaqələndirci ahəngin pozulmasına cəhdlərdən faydalanan Vladimir Putin xarici siyasət sahəsində bu zəifliyi öz xeyrinə çevirməyi bacardı. Suriyaya müdaxilə, Bəşər Əsədin qoruyucu mələyinə çevrilməsi və s. Rusiya üçün böyük üstünlüklər verdi. Bu vəziyyət Vladimir Putinə mövqelərinin əbədi sarsılmazlığı qənaətini yaratdı. Lakin... 2022-ci il fevralın 24-ü Rusiya prezidentinin sonunun başlanğıcı oldu. Bu son yalnız siyasi hakimiyyətin sonu olmaya da, bilər.
Putin düşünürdü ki, cəmi 3 gün Kiyevin işğalı üçün yetərli zamandır. Komandası Vladimir Putini ABŞ-ın və Avropanın bu işğala etirazlarının 2008-ci və 2014-cü illərdəki növbətçi bəyanatlara bənzər təsirsiz qərarlarla məhdudlaşacağına inandırdılar. Lakin bu o, demək deyil ki, Putinin komandasında doğru nəticələri öncədən görə bilənlər yox idi. Əslində vardı və var. Lakin illərlə özlərinin yaratdıqları mühit doğru olanı söyləməyi əngəllədi. Nəticə...
3 günlük hədəfdən düz 333 gün keçib. Yəni nəzərdə tutulan zamandan, düz 111dəfə çox zaman. Bu müddətdə Rusiya real ordusunun 10%-dən çoxunu itirib. Rusiya tarixində 1914-cü ildən və 1941-ci ildən sonra üçüncü səfərbərlik elan olundu. “Biz ölərik Putini tək qoymarıq” iddiasının sözgəlişi şərqi, yəni sadəcə nəqarəti uyğun gəlsin deyə söylənilən mahnı olduğu ortaya çıxıd. Cəmi 3 gündə ölkəni 1 milyondan çox insan tərk etdi. Hətta evini bir təyyarə biletinə dəyişənlərlə bağlı informasiyalar yayıldı. Müharibənin ilk həftələrində Rusiyanın iş qabiliyyətli əhalisinin 12%-dən çoxu işsiz qaldı. Dünyada rus milləti qorxu, dəhşət saçan millət olaraq tarixə düşdü. Müxtəlif ölkələrdə hətta rus turistlərə qarşı ayrıseçkilik sərgiləndi. RF-nin milyardlarla dolları xarici banklarda donduruludu. Demokratik dünya xəstəxanaları, doğum evlərini bombalayan, məsum körpələri raket atəşi ilə qətlə yetirən Putin Rusiyası ilə bağlı 9 sanksiya paketində 13 mindən çox məhdudiyyətlər müəyyənləşdirdi. 10-cu sanksiya paketində nələrin öz əksini tapdığı isə yəqin ki, müharibənin 1-ci ili başa çatmadan elan olunacaq.
Putin düşünürdü ki, Qərb onun başlatdığı prosesdə ortaya iradə qoyacağı təqdirdə enerji böhranı yaratmaqla seyriçi diplomatiyanı yarada biləcək. Bundan başqa Putin Ukrayna ilə müharibə fonunda güclü müttəfiqlərinin olacağına özünü inandıra bilmişdi. O, hesab edirdi ki, Çini, Hindistanı, İranı, Şimali Koreyanı, Suriyanı və s. bu tip ölkələri yanına almaqla, əslində əhali baxımından dünyanın yarısı ilə müttəfiq olacaq. Bu siyahıya possovet məkanında olan respublikalarıda əlavə edəndə daha ciddi müttəfiqlərinin olacağını düşünən RF prezidenti ilk günlərdəcə yanıldığının fərqində oldu. Çin və Hindistanın bu proseslə bağlı siyasətləri yalnız iqtisadi mənfəətdən uzağa getmədi. Beynəlxalq təcrid və uzun müddətli sanksiyalar İran və Simali Koreyanı prosesə seyrçi mövqedə qalmağa məcbur etdi. Suriya siyasi oyunlar labirintindən on ildən çoxdur ki, çıxa bilmir. Possovet ölkələri isə siyasi balans variantına üstünlük verdilər. Vəziyyət o həddə çatdı ki, tarixən arxa bağça rolunu oynayan Ermənistan Rusiyadan açıq tekstlə imtina siyasətinə start verdi. Şimal axını-1, Şimal axını-2 boru kəmərləri, dünyanın ən böyük taxıl ixracatçısı olan ölkənin prezidenti olması belə Putinin xilas trayektoriyasını müəyyənləşdirə bilməyəcək. Dünyanı Rusiyadan asılı vəziyyətə salan çoxlu səbəblər artıq sıfırlanma mərhələsindədir. Siyahını daha da uzatmaq olar.
Ukrayna Rusiya ilə müharibənin ilk aylarında ərazisinin təxminən 20%-ni itirmək məcburiyyətində qaldı. Şəhərləri, qəsəbələri, kəndləri rus raketləri darmadağın etdi. Minlərlə nəinki hərbiçisini, hətta mülki vətəndaşlarını belə itirdi. Artıq ikinci qışdır ki, kifayət qədər sərt iqlimli ölkənin vətəndaşları məhdudiyyətlər və məhrumiyyətlər içərisində yalnız yaşamırlar, həm də, döyüşürlər. Ukrayna dünyanın heç zaman görmədiyi dəstəyə sahibləndi. Rusiyanın enerji böhranı yaratmaq cəhdi, qlobal təchizat zəncirinin qırılmasına səbəb olması bu dəstəyin qarşısını ala bilmədi. Ukrayna xalqı öz liderini sona qədər dəstəkləməkdə israrlıdır. Ötən müddətdə Zelenskinin komandasında sapmalar demək olar ki, olmadı. Putinin artist deyərək aşağıladı Vladimir Zelenski dünyanın ən böyük diktatorunun yalnız mahiyyətini deyil, o, cümlədən ölkəsinin iddia etdiyi kimi olmadığını dünyaya sübut etdi. 3 günü, hələ ki, 333 günə qədər uzatmağı bacardı. Diktatora dünyada zamanı sən ayarlamırsan mesajını verdi. Putini zaman-zaman əldə etdiyi siyasi uğurlarının məstliyindən ayıltdı. RF prezidentinin başında və həyatında ömürlük fəsadı qala biləcək divarla təmas yaratdı. Putini bütün diktatorlara sanki tədris vəsaiti kimi nümunə olaraq göstərdi. Bu formatlı rejimlərdə qaranlıq dolablarda gizlənən ehtiyat kadrların olmadığını sübut etdi. Bütün dünyaya göstərdi ki, avtoritar rejimlərdə vətənpərvərlik belə idarə olunandır.
Rus və Ukrayna xalqları demək olar ki, bir millətdirlər. Müharibənin ilk günlərində ekspertlər hər iki dövlətin əhalisinin təbii qohumluq əlaqələrinin 70%-ə qədər olduğunu iddia edirdilər. Deməli qənaətimizdə yanılmırıq. Və bu təsadüfdirmi, yoxsa tarixin ironiyası, hər iki liderin adları da eynidir – Vladimir ( Ukraynada a-nın o-la əvəz edilməsinə rəğmən – B.H.). Rusiya prezidenti Vladimirin 333 gündə dövlətini və millətini haradan, haraya düşürməsinə rəğmən, Ukrayna prezidenti Vladimir düşmənin əksini etdi. Bu tarixin növbəti diktatora və onun xalqına verdiyi dərsdir. Çünki tarixin bütün dönəmlərində rəhbərin diktatora çevrilməsinin ən böyülk səbəbkarlarından biri də, xalqıdır.
Diktatorların siyasətləri min illər öncədən formalaşdığı üçün nimdaş siyasətdir. Nimdaş siyasət, nimdaş paltar kmidir. Əyində olan nimdaş paltar kimsə üçün cəlbedici olmur. Müasir dünya da, nimdaş siyasəti qəbul etmir.

BAKİR HƏSƏNBƏYLİ

Xeberdar.net

İKİ VLADİMİR VƏ YA ƏKS QÜTBLƏRİN SAVAŞI

  • 23-01-2023, 10:05
  • 56


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI