KREMLİN NÜVƏ TƏHDİDİNDƏ YENİ MƏRHƏLƏ - Rusiya nüvə şantajına niyə qayıdır?

124 18-10-2023, 11:51 siyaset

KREMLİN NÜVƏ TƏHDİDİNDƏ YENİ MƏRHƏLƏ - Rusiya nüvə şantajına niyə qayıdır?size=3]Çoxları yeni İsrail-Fələstin eskalasiyasını Rusiya üçün “göydən düşmə” hesab edir və bunu onunla əsaslandırırlar ki, Yaxın Şərqdəki münaqişə ABŞ başda olmaqla, Qərbin diqqətini və potensialını parçalayacaq, Ukraynaya yardım ikinci plana keçəcək və sair.

Lakin sahədəki real vəziyyət Kremlin optimizminə elə bir ciddi əsas vermir. Ağ Ev administrasiyası yenə Kiyevi lazımi səviyyədə dəstəkləyəcəyini bəyan edir, Ukraynaya maliyyə yardımı və silah tədarükü davam edir və hətta yeni ATACMS raketlərinin verilməsilə daha da güclənir. Ukrayna qoşunlarının yaxın zamanda Tokmak şəhərini nəzarətə götürəcəyi gözlənilir, hansı ki, bununla da Rusiya işğalçı qoşunlarının logistikasının böyük ölçüdə çökməsi və cənub qruplaşmasının iki hissəyə bölünməsi qaçılmaz olur.

Digər yandan, Rusiyanın Kupyansk istiqamətindəki hücum cəhdləri uğursuzluğa düçar olandan sonra Donetsk vilayətinin Avdeyevka qəsəbəsi istiqamətində də hücumu əsl fiaskoya uğrayır. Bir gündə onlarla hərbi texnika və minə yaxın hərbçisini itirən Rusiyanın dövlət başçısı Vladimir Putin bu səbəbdən həmin hücumu “aktiv müdafiə” adlandırmalı olur.

Nəhayət, ATACMS raketləri artıq Ukraynadadır (F-16-lar isə “yoldadır) və onların ilk tətbiqi nəticəsində Rusiyanın işğal etdiyi Berdyansk şəhərindəki hərbi aerodroma ötən gecə sarsıdıcı zərbə endirildi. Bir sözlə, sadaladığımız amillər, eləcə də maliyyə - iqtisadi çətinliklər, ölkə daxilində əhalinin müharibəyə münasibəti, səfərbərlik və təminat problemləri və s. Rusiyanın dalana dirəndiyinin və Ukrayna bataqlığında daha da dərinə batdığının bariz göstəriciləridir.
KREMLİN NÜVƏ TƏHDİDİNDƏ YENİ MƏRHƏLƏ - Rusiya nüvə şantajına niyə qayıdır?
Bütün bunların fonunda Rusiya Dövlət Duması ötən gün nüvə sınaqlarından imtina ilə bağlı beynəlxalq müqavilədən çıxmaq barədə qanunu birinci oxunuşda qəbul etdi. Təbii ki, bu addım Kremlin göstərişi əsasında atılıb və Rusiyanın bir müddət səngiyən nüvə şantajının yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Xatırladaq ki, müharibənin ilk günlərindən Putin qəzəbli şəkildə Qərbi “qarışacağı halda” nüvə zərbəsi ilə açıq şəkildə təhdid etdi. Buna baxmayaraq, Qərb “qarışdı” və artıq Ukraynaya nüvə silahından başqa hər şey verməyə razılaşıb.

Bunun ardınca, Dmitri Medvedev dəfələrlə özünəməxsus, eybəcər ədalarla dünyanı nüvə apokalipsisi ilə təhdid etməyə başladı. Son olaraq, iyul ayında Medvedev bildirdi ki, əgər Ukraynanın əks-hücumu uğurlu alınsa və Ukrayna qoşunları Rusiya ərazilərinə(?) daxil olsa, Kreml nüvə silahından istifadə edəcək.
KREMLİN NÜVƏ TƏHDİDİNDƏ YENİ MƏRHƏLƏ - Rusiya nüvə şantajına niyə qayıdır?
Ancaq onun “Rusiya ərazisi” deyərkən, artıq Rusiyanın öz konstitusiyası əsasında bu ölkənin ərazisi hesab etdiyi Ukraynanın işğal olunmuş torpaqlarını da nəzərdə tutub-tutmadığı bəlli deyil. Hər halda, həmin bəyanatdan sonra Ukrayna qoşunları bir neçə yaşayış məntəqəsini azad edib, lakin Rusiya buna görə nüvə silahına əl atmayıb.

Ümumilikdə isə Medvedevin dedikləri bir tərəfdən dünyanı şantaj etməkdirsə, digər yandan Kremlin acizliyinin göstəricisidir. Deməli, Kreml Ukrayna əks-hücumunun uğurlu alınacağından qorxur və bunun qarşılığında edə biləcəyi şey yalnız nüvə silahının tətbiqidir. Dünyanın ikinci ordusu məntiqlə bu duruma düşməli deyildi…

Bu arada Medvedevin “əqidə yoldaşı” Marqarita Simonyan Rusiyanı Sibirdə nüvə sınağı keçirərək, yəni, nüvə partlayışı törədərək, “Qərbi qorxutmağa” çağırdı. Kremlin ən “öncül” təbliğatçısının bu təklifi təkcə Simonyanın özünün deyil, onun ağalarının, sifarişçilərinin, yəni Kremlin də başını itirdiyindən xəbər verdi.

KREMLİN NÜVƏ TƏHDİDİNDƏ YENİ MƏRHƏLƏ - Rusiya nüvə şantajına niyə qayıdır?
eç Belarusa nüvə silahının verilməsi də qətiyyən Kremlin sağlam ağıla, düşüncəyə söykənməsinin göstəricisi sayıla bilməz. Xatırladaq ki, daha öncə Medvedev Qərb tərəfindən Ukraynaya nüvə silahı veriləcəyi tədirdə, dərhal Rusiyanın nüvə zərbəsi endirəcəyini bəyan etmişdi. Ancaq məhz haranı vuracağını deməmişdi. Buna baxmayaraq, özü asanlıqla Belarusa nüvə silahı verdi…

Ümumiyyətlə, nüvə mövzusunun yenidən ortalığa atılması Rusiyanın əlindəki digər bütün kartların vurulduğundan xəbər verir. Təbii qaz şantajı fiaskoya uğradı, taxıl şantajı gözlənilən effekti vermədi, neft şantajı da uğur gətirmədi. Ukraynadakı döyüş səhnəsində isə “dünyanın ikinci ordusu” “təpəsinə-gözünə” zərbələr almaqda davam edir, nə irəliyə, nə də geri dura bilir və bəlkə də tarixinin ən urvatsız günlərini yaşayır. Ona görə də Kremlin əlində nüvə şantajından başqa heç bir ciddi silah qalmır.

Ən pisi isə odur ki, nüfuz, ayıb, ləyaqət, beynəlxalq hüquq və sair bu kimi anlayışların üzərindən çoxdan xətt çəkmiş Kreml dünya tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə görkəmli simalar bəxş etmiş Rusiyanı 21-ci əsrdə “izqoy” statuslarına düşürməkdən heç bir xəcalət hissi keçirmir.

Bir daha nüvə şantajına qayıdarkən, qeyd edək ki, doğrudur, Rusiya nüvə sınaqlarından imtina barədə sazişdən çıxsa da, Qərb dövlətləri sınaqlara birinci başlamasalar, özünün heç bir nüvə sınağı keçirməyəcəyinə dair vədlər verir. Lakin dünyada Moskvanın sözünə inananlar çoxdurmu? Ona qalsa, Sergey Lavrov son günə qədər ən mötəbər tribunalardan Ukraynaya qarşı hər hansı bir hərbi müdaxilə olmayacağını demişdi…

C.Məmmədov

“AzPolitika.info”


XƏBƏR LENTİ